Ukraynada 7 sığorta şirkətinin lisenziyası ləğv edilib

13 sentyabr 2021 16:48

Ukrayna Milli Bankı maliyyə bazarlarındakı şirkətlərin sayı ilə bağlı 2021-ci ilin sentyabr ayına olan statistikanı açıqlayıb.

“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, açıqlanan statistikaya görə, Ukraynada 2021-ci ilin sentyabr ayında 153 qeyri-həyat (əvvəl 160 idi) və 17 həyat sığorta şirkəti fəaliyyət göstərir.

Hesabat dövrünə görə, eyni zamanda 286 lombard (287 idi), 301 kredit ittifaqı (303 idi), 138 lizinq şirkəti (137 idi), 977 maliyyə şirkəti (973 idi) və 61 sığorta brokeri fəaliyyət göstərir. Bankların sayı isə 73-dən 72-yə düşüb.

Ukrayna Milli Bankı avqust ayı ərzində bank olmayan maliyyə bazarında 8 yeni oyunçu, yəni 6 maliyyə və 2 lizinq şirkətini qeydiyyata alıb. Cari ilin əvvəlindən qeyd olunan dövrə qədər 13 bazar iştirakçısı - 2 maliyyə şirkəti, 7 sığorta şirkəti, 1 lombard, 2 kredit ittifaqı və 1 lizinq şirkəti reyestrdən çıxarılıb. Reyestrdən çıxarılan 1 sığorta şirkəti könüllü olaraq bazarı tərk edib, 6 sığorta şirkətinin isə yol verdikləri pozuntulara görə lisenziyaları dayandırılıb.

Cari ilin avqust ayı ərzində Ukrayna Milli Bankına bazar iştirakçılarından qeydiyyat və lisenziyalaşdırma tədbirləri ilə bağlı 604 müraciət daxil olub. Ən çox sorğu maliyyə şirkətləri, lombardlar və icarəçilərlə bağlı olub. Kredit təşkilatları ilə bağlı daxil olan müraciət sayı 32, sığorta şirkəti ilə bağlı isə 82 olub.