Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin sədri postuna səsvermə keçirilib.
ASA-dan verilən məlumata görə, sədrlik postuna Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi irəli sürülüb və A.Benli yekdilliklə Türk Dünyası Sığorta Birliyinin yeni sədri seçilib.
Məlumatda qeyd olunur ki, Assambleyada Türk Dünyası Sığorta Birliyinin Baş katibi postuna isə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb və təsisçilərin səsverməsində yekdilliklə qəbul edilib.
Tədbirdə həmçinin Türk Dünyası Sığorta Birliyinin 2027-ci ildə 3-cü Assambleyasının Özbəkistanda keçiriləcəyi üzvlər tərəfindən ortaq qərarla qəbul olunub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü və ortaq qərarı ilə təsis edilib və 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci Assambleyada Birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında yenidən formalaşdırılıb.