İran dəniz sığortası platforması yaratdı: “Hormuz Safe”

24 may 2026 17:00

Fars Körfəzi və Hörmüz boğazı üzərindən yük daşıyan gəmilər üçün Bitcoin və digər kriptovalyutalarla ödənişi qəbul edən “Hormuz Safe” adlı dəniz sığortası platforması istifadəyə verilib.

Platforma sanksiyalar səbəbindən ənənəvi maliyyə sistemlərinə çıxışda yaşanan çətinliklərə alternativ yaratmağı hədəfləyir.

Məlumata görə, sistem vasitəsilə həyata keçirilən Bitcoin və digər kriptovalyuta ödənişləri blokçeyn üzərində təsdiqləndikdən sonra sığorta təminatı dərhal aktivləşdirilir və rəqəmsal imzalanmış sığorta şəhadətnaməsi formalaşdırılır. Bildirilir ki, bu platforma gələcəkdə illik 10 milyard dollardan artıq gəlir yarada biləcək.

“Hormuz Safe” platformasının dollar əsaslı ödəniş infrastrukturu və SWIFT sisteminə alternativ olaraq formalaşdırıldığı vurğulanır. Ekspertlərin fikrincə, İran əvvəllər geosiyasi gərginliklərlə gündəmə gələn Hörmüz boğazı üzərindəki ticarət axınını bu dəfə maliyyə gəliri modelinə çevirməyi hədəfləyir.