Belçika və Lüksemburq sığortaçılarının birgə təşkil etdiyi "2025 DECAVI CEO" tədbirində sığorta sektorunun preventiv yanaşmalar, texnologiya və etibar müstəvisində yenidən formalaşdığı; iqlim, kibertəhlükə və geosiyasi risklər qarşısında dayanıqlı modelə keçidin sürətləndiyi vurğulanıb.
Müzakirələrdə qeyd olunub ki, sığortaçılıq artıq yalnız zərərin ödənilməsinə əsaslanan model olmamalıdır, sığortanın preventiv və dayanıqlılıq əsaslı yanaşmaya transformasiya olunması da zəruridir.
Tədbirdə iqlim dəyişikliyi, demoqrafik transformasiya, yeni mobillik modelləri və təbii fəlakətlərin artan tezliyi kimi amillərin sığortaçıları ənənəvi rollarının hüdudlarından kənara çıxardığı qeyd olunub. Bildirilib ki, bu gün sektor 3 risklə üzləşir: iqlim riskləri, həssas təchizat zəncirləri və artan kibertəhlükələr. Bu kontekstdə sığorta şirkətlərinin yalnız kompensasiya ödəyən qurumlar olmaqdan çıxaraq, müştərilərə erkən xəbərdarlıq sistemləri, risklərin azaldılması həlləri, biznesin fasiləsizliyinin təmininə dəstək və kiberdavamlılıq xidmətləri təqdim etməsinin vacibliyi də vurğulanıb.
Tədbirin yekununda sığorta sektorunun gələcəyinə dair 3 əsas anlayış ön plana çıxıb: preventiv yanaşma, etibar və dayanıqlıq.