Sığorta sektorunda birləşmə və satınalmalar - PROQNOZ

04 yanvar 2021 06:40

2020-ci ilin ikinci yarısında intensiv hal alan birləşmə və satınalmalar prosesi 2021-ci ildə daha da sürətlənəcək.

"Siqortaci.az" xəbər verir ki, bu barədə PwC-nin araşdırmasında bildirilir. Araşdırma məlumatına görə, buna səbəb olaraq investorların yeni kapital mənbələri əldə etdikləri üçün əhatə dairələrini genişləndirmək məqsədi ilə yeni sövdələşmələrə gedə biləcəkləri ehtimalı göstərilir.

Bəzi oyunçular üçün böyümə sektor daxilində olacaq və iqtisadiyyat bərpa olunmağa davam etdikcə bazar liderləri mövqelərini gücləndirəcəklər. COVID-19 pandemiyası səbəbilə iş modellərinin dəyişdiyini görən digər investorlar, əlaqədar sektorlarda yeni birləşmə və satınalma sövdələşmələrinin sənayeni necə dəyişə biləcəyini araşdıracaqlar.

Müşahidələr göstərir ki, böyük sövdələşmələr əsasən sektorlar daxilində olsa da, orta qiymətli sazişlər əsasən müxtəlif sahələrdən olan şirkətləri əhatə edir. Məsələn qeyri-texnoloji şirkətlər rəqəmsal şərtlər çərçivəsində texnoloji firmaları almaqda daha maraqlıdırlar. COVID-19-un istehlakçı davranışını və gözləntilərini dəyişdirməsi, şirkətlərə yeni texnoloji üstünlüklərə sahib olmaqla müştəri xidmətlərini yaxşılaşdırmaq üçün bir fürsət yarada bilər. Xüsusilə də yeni texnologiyalar əldə etmələri sığorta şirkətlərinə onlayn ödəmələr üçün imkanlar yaradır və bu kimi şirkətlər 2021-ci ildə istehlakçılarla yeni maliyyə münasibətləri modellərini kəşf etməyə davam edəcəklər.

Böhran dövründə innovasiya və yeni texnologiyaya investisiya yatıran şirkətlər yeni məhsul və xidmətlərin səmərəliliyini artıraraq daha da güclənə bilər. COVID-19 artıq bir çox sektorda transformasiyanı sürətləndirməyə başlayıb və şirkətlər hələ də qeyri-müəyyən bir iqtisadiyyatda hansı texnologiyaların rəqabət qabiliyyətli olacağını müəyyənləşdirməkdədirlər.

2020-ci ildə ABŞ-ın maliyyə direktorları və menecmentləri arasında aparılan bir sorğuda, respondentlərin 56%-i pandemiya dövründə texnologiya investisiyalarının sahib olduqları şirkətləri uzunmüddətli perspektivdə inkişaf etdirəcəyinə inandıqlarını söyləyib. Sorğu iştirakçılarının 17%-i isə COVID-19 nəticəsində planlaşdırılan investisiyaları təxirə salmağı və ya ləğv etməyi düşündüklərini bildirib. Aparıcı şirkət CEO-ları, şirkətlərinin rəqəmsal transformasiya investisiyalarını 2021-ci ildə artırmağı planlaşdırdıqlarını qeyd edir.

Sığorta bazarında birləşmə və satınalmalar

Sığorta və təkrarsığorta sektorunda 2020-ci ilin ikinci yarısında birləşmə və satınalma əməliyyatlarının sayı, demək olar ki, karantin öncəsi səviyyəyə qədər artdı. 2020-ci ilin yazında sığorta sektorundakı əməliyyatların aktivliyi azalsa da, ilin ikinci yarısında yenidən yüksəliş qeydə alındı. Təkcə iyun ayının sonundan noyabr ayının ortalarına qədər 10.9 milyard dollar dəyərində 222 sövdələşmə elan edildi. Məsələn, bazar nəhəngləri hesab edilən - "KKR" şirkətinin "Global Atlantic" üçün 4 milyard dollar ödəməsi, "Allstate"-in 3.7 milyard dollar qarşılığında "National General Holdings Corporation"-ı satın alması yüksək dəyərli sövdələşmələrə əyani misal ola bilər.

Analitiklərin fikrincə, 2021-ci ildə qlobal sığorta sənayesində bu kimi birləşmə və satınalma əməliyyatları daha da sürətlənəcək.