"Fitch Ratings" qlobal sığorta sektorunun 2026-cı il üçün proqnozunu “neytral” səviyyədə saxlayıb.
Siqortaci.az xəbər verir ki, agentliyin məlumatına görə, qlobal miqyasda fəaliyyət mühiti ümumilikdə sabit qalacaq, bəzi regionlarda və sığorta növlərində isə məhdud zəifləmə müşahidə oluna bilər.
Xüsusilə London sığorta bazarı, qlobal təkrarsığorta və ABŞ-nin tibbi sığortası bazarlarının, eləcə də, Meksika, Çin və Tayvanın həyat sığortası bazarlarının zəifləyəcəyi qeyd edilir.
"Fitch" İtaliyada həyat, Almaniyada isə qeyri-həyat sığortası bazarları üzrə proqnozunu “pozitiv”dən “neytral”a dəyişib. Bu qərarın əsas səbəbi, 2026-cı ildə biznes həcminin artım tempinin zəifləyəcəyi və gəlirliliyin sabit, lakin məhdud qalacağı gözləntiləridir.
"Fitch" ilk dəfə EMEA regionunda (Europe, Middle East and Africa) seçilmiş inkişaf etməkdə olan ölkələrin sığorta bazarlar üçün də proqnoz dərc edib. Belə ki, Səudiyyə Ərəbistanın qeyri-həyat sığortası bazarı “pozitiv” proqnoz ilə seçilir. Meksikanın sığorta bazarı üzrə proqnoz isə "Gəlir Qanunu"na dəyişikliklərdən sonra maliyyə göstəricilərinin və kapital adekvatlığının zəifləməsi səbəbilə “neqativ” səviyyəyə endirilib.
"Fitch" həmçinin qarşıdakı dövrdə maliyyə bazarlarında volatillik və gözləntiləri aşan defolt səviyyələrinin sığorta şirkətlərinin investisiya portfelləri vasitəsilə maliyyə profillərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edir. Eyni zamanda, qeyd olunur ki, bəzi həyat sığortası bazarlarında likvid olmayan aktivlərə artan yönəliş yaxından izlənməli risklərdəndir.