Qlobal münaqişələr müharibə riski sığortasına tələbi artırır

26 sentyabr 2025 21:44
BBC-nin xəbərinə görə, Ukrayna və Orta Şərqdə davam edən münaqişələr müharibə riski sığortasına tələbi heç vaxt olmadığı qədər artırıb.
 
Siqortaci.az dünmay mediasına istinadən xəbər verir ki, ötən ilin noyabr ayında Rusiyaya məxsus bir raket Kiyevin kənarındakı bir yaşayış binasına düşərək Natalia Qrişkonun mənzilinə zərər vurub. Partlayış dalğası eyvana, şüşələrə, qapılara və mənzilin daxili hissəsinə ciddi ziyan vurub. Onun qızı Alina Kalçeva isə anası üçün əvvəlcədən müharibə riski sığortası etdirdiyini və bu sayədə 1000 dollar təzminat aldıqlarını deyib: “İllik sığorta haqqı cəmi 52 dollar idi, heç tərəddüd etmədən sığorta etdirdim. Sonradan bunun doğru qərar olduğunu gördüm”.
 
Digər ukraynalı sığortalı Ekaterina Vasilyeva isə 2024-cü ilin aprelində avtomobili üçün müharibə riski sığortası şəhadətnaməsi əldə edib və elə bir gün sonra Odessada maşınına qəlpə dəyib. Böyük zərərdən sığorta vasitəsilə qorunub: “Maşınım demək olar süzgəc kimi olmuşdu, amma sığorta şəhadətnaməsi xərclərimi qarşıladı”.
 
Müharibə riski sığortası adətən terrorçuluğu da əhatə edən bir məhsuldur. Sektor 2001-ci ildə ABŞ-də baş verən 11 Sentyabr hadisəsindən sonra sürətlə böyüməyə başlayıb. Fərdi şəxslər də bu sığorta şəhadətnaməsini ala bilsələr də, əsas müştərilər yüksək riskli bölgələrdə fəaliyyətlərini, obyektlərini və əməkdaşlarını qorumaq istəyən şirkətlərdir.
 
Sektora dair dəqiq rəqəmlər olmasa da, bir iqtisadi nəşrin məlumatına görə, qlobal müharibə riski sığortası üzrə yığımlar ildə təxminən 1 milyard dollara çatır.
 
Sektor nümayəndələri yüksək riskli bölgələrdəki şirkətlər üçün qiymətlərin 0,5% ilə 2%-lik təminat aralığında dəyişdiyini bildirirlər. Bu isə 100 milyon funt sterlinq təminat üçün 500 min – 2 milyon funt sterlinq arası ödəniş deməkdir. Mütəxəssislərə görə, bu nisbətlər Orta Şərqdəki siyasi vəziyyətdən asılı olaraq dəyişə bilər.
 
Müharibə riski təminatları sabotaj və terror aktlarından başlayaraq, vətəndaş müharibəsi və dövlətlərarası müharibəyə qədər yeddi fərqli kateqoriyaya bölünür. London mərkəzli “Trigger Parametric” şirkətinin qurucusu Raveem İsmail deyir: “Əksər sığortaçılar bütün bu riskləri əhatə edən şəhadətnamələr təqdim etməyə çalışır. Çünki bir hadisənin terror aktından vətəndaş müharibəsinə və ya dövlətlərarası müharibəyə nə vaxt çevriləcəyini proqnozlaşdırmaq asan deyil”.
 
Sektorun mərkəzi isə “Lloyd’s of London” şirkətidir. Lloyd’s həm də müharibə riski təkrarsığortasının mərkəzi rolunu oynayır. Təkrarsığortaçılar riskin müəyyən faizlərini üzərlərinə götürərək mümkün zərərləri bölüşdürürlər. Mütəxəssislər bildirirlər ki, bu yanaşma sığortaçıların üzərinə düşə biləcək yükü azaldaraq sistemin davamlılığını təmin edir.