Beynəlxalq Valyuta Fondu proqnozunu açıqladı

02 aprel 2021 13:44

Beynəlxalq Valyuta Fondu (BVF), ABŞ-da maliyyə sistemi ilə bağlı yeni stimullaşdırıcı tədbirləri və COVID-19 peyvəndlərinin geniş yayılmasını nəzərə alaraq 2021 və 2022-ci illər üçün qlobal iqtisadiyyatla bağlı nikbin proqnoz verdi.

“Siqortaci.az” xəbər verir ki, BVF-nin yanvar proqnozuna görə, qlobal ÜDM koronavirus pandemiyası səbəbindən 2020-ci ildə 3,5% azalsa da 2021-ci ildə 5,5% artım olacaq. Bu proqnoz açıqlandıqdan sonra ABŞ Konqresi iqtisadiyyatın 1,9 trilyon dollar həcmində dəstəkləməsi məqsədi ilə yeni tədbirlər paketini təsdiqlədi və peyvənd sahəsində əldə olunan irəliləyişi nəzərə alan ABŞ Prezidenti Joe Biden ölkə üçün daha iddialı hədəflər açıqladı.

Ekspertlərin sözlərinə görə, bu amil cari və növbəti ildə artım proqnozları ilə irəliləyişin yenidən təmin olunmasına zəmin yaradır.

Ekspertlər onu da vurğulayırlar ki, qlobal iqtisadiyyatın yaxşılaşdırılmasına baxmayaraq, əhalisini COVID-19-a qarşı sürətlə peyvənd edən zəngin ölkələrlə bunun üçün imkanları olmayan kasıb ölkələr arasında uçurum artır. Bu da mövcud inkişaf dinamikasını zəiflədə bilər.

Qeyd edək ki, BVF-nin dünya iqtisadiyyatları ilə bağlı növbəti yeni proqnozları (World Economic Outlook, WEO) gələn həftə açıqlanacaq.