KÖŞƏ

Səbinə Ağayeva
Azərbaycan Sığortaçılar Assosiasiyasının Marketinq meneceri

Dijitallaşma – bu gün və sabah - Sığortada marketinq

08 may 2021 16:30

Məşhur bir Azərbaycan filmində deyilən sitatı bu gün dijital marketinqə uyğunlaşdırmaq olar – “Bu dijital marketinq ki, var, çox qəliz məsələdir... həm qəlizdir, həm də vacib”. Amma həm də maraqlı bir sahədir. Dijital marketinq çox sadə görünsə də bəlkə də ənənəvi marketinqdən daha qəlizdir. Xüsusilə də sığorta sektoru üçün hədəflənən müştəri kontentingentini müəyyən etmək, onları səhifə və paylaşımları bəyənməyə çağırmaq üçün olduqca maraqlı və yaddaqalan paylaşımlar edilməlidir. Sığorta sektoru üçün dijital marketinq əslində yeni bir istiqamətdir. Ənənəvi marketinq bu sektor üçün getdikcə köhnələn bir kommunikasiya alətidir.

XXI əsr rəqəmsallaşma dövrüdür. Sosial şəbəkə, ümumilikdə internet istifadəsinin geniş kütləni əhatə etməsi nəticəsində bu gün ənənəvi marketinqin müəyyən bir hissəsi öz yerini dijital marketinqə məcburi şəkildə verməli olub. Dəyişən müştəri davranışları fonunda məlumat mənbəsi kimi müraciət olunan kommunikasiya kanalları da yenilənir. Bütün məlumatları internet vasitəsilə bir göz qırpımında əldə edə bilirik.

Yerli sığorta bazarı üçün ən aktual kanal Digital və WOMM –dur. “Word of mouth marketing” hazırda ən geniş yayılan növdür. Bu gün insanlar məhsul və xidmətləri seçmək istədiyi zaman referansa, dost-tanış məsləhətinə, sosial şəbəkələrdə yayılan rəylərə mühüm əhəmiyyət verirlər. Şirkət haqqında yazılan bir mənfi rəy alıcını fikrindən döndərə və ya onda şübhə yarada bilər. Bu gün bazarda tələbdən çox təklif mövcuddur. Əvvəlki illərdə 1000 nəfər bir avtomobili almaq üçün min bir yola əl atırdısa, indi 1000 avtomobil bir alıcının uğrunda mübarizə aparır. Bu, sığorta sektoru üçün də keçərlidir. Azəd bazar iqtisadiyyatı şəraitində yerli sığorta bazarında bərabərhüquqlu 20 sığorta şirkəti fəaliyyət göstərir. Və belə bir dar bazarda müsbət imic qazanıb, etibarlı şirkət kimi tanınmaq mümüm əhəmiyyət kəsb edir. Sığorta şirkətləri də bu kanaldan maksimum dərəcədə məqsədyönlü və keyfiyyətli istifadə etməklə məlumatlandırma və etibarlılıq qazanmalıdır.

Son bir neçə ildir ki, xüsusilə də pandemiya dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri dijital platformada reklam və tanınma üçün çalışırlar. Doğrudur, bir çox şirkət hələ də nəinki dijital reklamlardan, heç ənənəvi reklamlardan da kifayət qədər istifadə etmir. Nəticədə “top of mind”-da ilk 3-lüyə daxil ola bilmirlər.

Bu gün şirkətlər reklamlarda bir növ məhsulu/xidməti satmaq üçün yox, brendi məşhurlaşdırmaq üçün mübarizə aparırlar. Çünki alıcı hər hansı sığorta məhsulunu almağı hədəfləyirsə, onun axtardığı məhsul yox, şirkət olacaqdır. Bu gün Azərbaycanda təxminən 2 milyon nəfərə yaxın aktiv “Facebook”, 3 milyon nəfərdən çox isə aktiv “Instagram” istifadəçisi var. Doğru qurulan dijital marketinq strategiyası ilə real hədəf kütləsinin müəyyən edilməsi ilə istənilən məlumat asanlıqla, hətta dəqiqələr ərzində istifadəçilərə ötürülə bilər.