KÖŞƏ

Vüqar Hüseynli
"Atəşgah Sığorta" ASC şöbə müdiri

Daşınmaz əmlak sığortası müqavilələri niyə yenilənməlidir?

26 noyabr 2020 10:44

Daşınmaz əmlakın qorunmasının bir çox yolu var. Bəzi insanlar xüsusi siqnal cihazları, yanğından mühafizə sistemi quraşdırırlar. Digərləri isə binanı izləmək üçün təhlükəsizlik və mühafizə üçün xüsusi işçilərini işə götürürlər. Ancaq mülkün mühafizəsini tam şəkildə təmin etmək üçün heç bir yol yoxdur. Su boruları partlayır, qonşudan su axır, səhlankarlıq ucbatından evlər yanır və təbii fəlakətlər öz təsirini və dağıdıcı gücünü göstərməyə davam edir. Bu vəziyyətdən yalnız bir çıxış yolu var - əmlakın sığortasıdır. Bu sığorta növü insanların rahat şəkildə yaşamağa davam edə bilməsi üçün yegənə müstəqil həll yoludur.

Bəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununu Milli Məclis 2011-ci il iyulun 24-də təsdiqləyib. Bu qanun ölkə əhalisinin sosial təhlükəsizliyinə daha əhatəli təminat yaratmaq məqsədilə qəbul olunmuşdur. Bu qanuna əsasən A.R. ərazisində yaşayan bütün vətandaşlar hər il sığorta müqavilələrini yeniləməlidirlər. Sığorta növləri icbari olduğundan İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulmuşdur. Qanunvericiliklə müəyyən edilmiş hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat miqdarında, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta tarifləri və təminatları:

Şəhər

1 illik sığorta haqqı

AZN

Sığorta təminatı

AZN

Bakı şəhəri

50

25.000

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri

40

20.000

Digər yaşayış məntəqələri

30

15.000