Yanğın xəbəri oxuyuruq, başımızı bulayıb keçirik. Qaz partlayışı görürük, “dəhşətdir” deyib unuduruq. Subasma, oğurluq, qəza hər dəfə hadisə başqasının həyatında baş verirmiş kimi qəbul olunur. Bəs niyə faciələrdən nəticə çıxarmaq əvəzinə, onları sadəcə xəbər kimi oxuyub yan keçirik?
Psixoloqlar bunu “Mənə heç nə olmaz” sindromu adlandırır. İnsan riskin mövcudluğunu qəbul etsə də, onu öz həyatı ilə əlaqələndirmir. Elə buna görə də qonşunun evi yananda biz nə edirik? Çalışırıq kömək edək, hər cür dəstək göstərək, amma öz evimizdə nələrin baş verəcəyinə fikir vermirik, ev sığortası haqqında düşünmürük.
Araşdırmalar göstərir ki, sığorta mədəniyyətinin zəif olduğu ölkələrdə risk daha çox tale kimi qəbul edilir, idarə olunan məsələ kimi yox. Halbuki risk qaçılmazdır, hazırlıqlı olmaq isə seçimdir.
Faciə xəbərləri əslində xəbərdən çox bizlər üçün “arifə bir işarə” kimi siqnal olmalıdır. Əslində hər yanğın xəbəri elektrik təhlükəsizliyi barədə düşünmək üçün səbəbdir. Hər qəza xəbəri avtomobil sığortasını yenidən gözdən keçirmək üçün çağırışdır.
Məsələ qorxu ilə yaşamaq deyil, ehtimalı qəbul etməkdir. Çünki hadisə qapını döymədən gəlir.
Bəzən bir xəbər sadəcə informasiya deyil, gələcək zərərin qarşısını almaq üçün xəbərdarlıqdır. Onu necə oxumaq isə bizim seçimimizdir.