Azərbaycanda bəzi sığorta növlərinə maraq aşağıdır.
Bunu dövri olaraq açıqlanan sığorta icmallarına əsasən deyə bilərik.
Məsələn, ötən ilin yanvar-noyabr aylarında ölkədə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası və mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası üzrə nə sığorta haqqı toplanılıb, nə də sığorta ödənişi həyata keçirilib. Bu baxımdan dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası bazarının formalaşmaması xüsusilə diqqəti cəlb edir. Məsələ ondadır ki, bu sığorta növü üzrə potensial müştəri "Azərbaycan Dəmir Yolları" QSC-dir. Onun isə mülki məsuliyyətini sığortalamaması istər-istəməz narahatlıq doğurur. Yəni, sabah qurumun fəaliyyəti nəticəsində kiməsə ziyan dəysə, bunu səhmdar cəmiyyəti öz hesabına ödəməlidir.
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyində hesab edirlər ki, dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortasına maraq olmaması ilk növbədə bu sığorta növünün könüllü olmasından irəli gəlir.
"Bundan əlavə, qeyd olunan istiqamət üzrə risklərin intensiv olmaması bu sığorta növünə maraq göstərilməməsinə səbəb ola bilər. Amma ASA olaraq bildirmək istəyirik ki, risklər qaçılmazdır və belə olan halda sığorta inkarolunmaz reallıqdır. Çünki hər hansı bir sahədə risklər intensiv olmasa da unutmamalıyıq ki, bədbəxt hadisələr gözlənilməz məqamda baş verir. Lakin bu kimi bədbəxt hadisələrin yaradacağı maddi itkilərdən özümüzü əvvəlcədən sığortalaya bilərik. Bunun üçün müvafiq sığorta növlərinə müraciət edilməlidir", - deyə qurumdan "Report"un sorğusuna cavab olaraq bildirilib.
Sığorta üzrə müstəqil ekspert Pərviz Quliyev də deyir ki, dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası icbari olsa, ona maraq az olmaz. Bununla belə, onun fikrincə, bu məsələdə maddiyyat amili də rol oynayır: “Dəmiryol təsərrüfatı dövlətdən subsidiya alan, dövlət dəstəyinə ehtiyac duyan qurumdur. Bu sığorta məhsulunun alınması səhmdar cəmiyyəti üçün əlavə xərc yarada bilər. Bu xərci ödəmək üçün də əlavə subsidiya lazımdır. Ehtimal edirəm ki, tədricən bu məsələ ilə bağlı da dövlətə müraciət ediləcək”.
"Azərbaycan Dəmir Yolları" isə məsələ ilə bağlı mövqeyini açıqlamaq istəməyib.