Ukraynada aqrar sığorta qanunu bu tarixdə qəbul edilə bilər

26 yanvar 2021 10:07

Ukraynada kənd təsərrüfatı məhsullarının sığortası haqqında qanun 2021-ci ildə qəbul edilə bilər.

"Siqortaci.az" xəbər verir ki, bu barədə mediaya Ukraynanın İqtisadi inkişaf, ticarət və kənd təssürafı nazirinin müavini Taras Vısotski açıqlamasında bildirib. Nazir müavininin sözlərinə görə, bu istiqamətdə yeni Qanun 2021-ci ilin birinci rübündə qəbul edilərsə, 2022-ci ildə qış bitkiləri məhsullarının sığortası mümkün olacaq.

Nazirlik bildirib ki, ilkin mərhələdə əsas sığorta predmetləri buğda, arpa və çovdar kimi dənli bitkilərin olması nəzərdə tutulur. Müvafiq Qanun layihəsi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi alətlərinin genişləndirilməsi üçün yeni yanaşma və perspektivləri də ehtiva edir.

“Kənd təsərrüfatı sığortası fermerləri dəstəkləmək üçün vacib bir vasitə olacaq. Nazirliyin mütəxəssisləri, Ukrayna Mərkəzi Bankı, kənd təsərrüfatı mütəxəssisləri və sığortaçıların iştirakı ilə yaradılmış işçi qrupunda yeni qanun layihəsi üçün müəyyən edilmiş bir neçə prinsipial məsələlərlə bağlı istiqamətlər hazırlamışıq. Bu istiqamətlər sığorta şirkətləri üçün ciddi tələblərdən və onların üzərində nəzarətdən, təkrarsığortanın şəffaflığının təmin edilməsindən, həmçinin sığorta tariflərinin dəqiq tənzimlənməsindən ibarətdir”, - deyə, nazir müavini bildirib.