“Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar keçirilib

07 mart 2024 15:17
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta şirkətlərinin rəhbərləri üçün “Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar keçirilib.
 
ASA-dan Siqortaci.az-a verilən məlumata görə, seminar Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyevin moderatorluğu ilə baş tutub. Seminarda korporativ idarəetmə standartlarının mahiyyəti və onun sektorun maliyyə sabitliyinin gücləndirilməsi və inkişafı baxımından vacibliyi müzakirə edilib. Sığorta şirkətlərində direktorlar şurasının rolu, vəzifələri, sığortaçılarda risklərin idarə olunması sistemi, risk idarəetməsi üzrə müdafiə xətləri, habelə onu təşkil edən strukturların funksiyaları, müvafiq idarəetmə prosesləri və digər bu kimi aktual məsələlər də seminarın başlıca müzakirə mövzusu olub.
 
Aparılan müzakirələr çərçivəsində sığorta şirkətləri də bir-biri ilə öz təcrübələrini bölüşüblər.