Peşəkar Sığortaçı Sertifikatını kimlər və necə əldə edə bilər? - MÜSAHİBƏ

04 dekabr 2023 11:08

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) sədri Günay xanım Şahbazova ilə müsahibəni təqdim edirik:

- Günay xanım, Peşəkar Sığortaçı Sertifikatı (PSS) ilə bağlı məlumat verməyinizi xahiş edirik. Bu sertifikatı kimlər və nə üçün almalıdırlar?

Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə ARPA tərəfindən sığorta sahəsində Azərbaycan dilində yaradılmış ilk sertifikasiya proqramıdır. Peşəkar Sığortaçı Sertifikasiyası imtahanının hədəf kütləsini sığorta şirkətlərinin əməkdaşları, fərdi sığorta agentləri, sığorta sahəsinə marağı olan tələbələr və karyerasını bu sahədə qurmaq istəyən şəxslər təşkil edir.

Peşəkar Sığortaçı Sertifikasiyası hansı mərhələlərdən ibarətdir və imtahana hazırlaşmaq üçün dərs vəsaiti var mı?

Peşəkar Sığortaçı Sertifikasiyası Sığorta işi prinsipləri, Sığorta işi təcrübəsi və Sığorta işi üzrə qanunvericilik olmaqla 3 mərhələdən ibarətdir.

Peşəkar Sığortaçı Sertifikasiyasının dərs vəsaiti Böyük Britaniyanın CII institutunun: “Sığorta: Prinsiplər və təcrübə” və  “P67 - Risklərin idarə edilməsi” adlı kitablarının tərcüməsi və yerli sığorta qanunvericiliyi əsasında ARPA tərəfindən hazırlanmışdır.

- Bu gün ölkəmizdə PSS-in əldə olunması rəhbərlik etdiyiniz ARPA vasitəsilə mümkündür. Bu sertifikatı əldə etmək üçün nə kimi şərtlər mövcuddur, proses hansı mərhələlərdən ibarətdir?

PSS imtahanında iştirak etmək istəyən namizədlər www.arpa.org.az saytına daxil olaraq Fərdi Üzvlük sistemindən qeydiyyatdan keçib, şəxsi kabinet yaratmalıdır. Daha sonra şəxsi kabinet vasitəsilə imtahan müraciəti edə və imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

- PSS-i əldə etmək üçün imtahanlarda iştirak haqqı barədə də məlumat verməyinizi xahiş edirik.

Peşəkar Sığortaçı Sertifikasiyası imtahanının hər mərhələsi üçün iştirak haqqı 75 AZN təşkil edir.

- PSS-in əldə olunmasına maraq bu gün ölkəmizdə hansı səviyyədədir? Və bu marağın artırılması üçün ARPA olaraq nə kimi addımlar atırsınız?

Hazırda Peşəkar Sığortaçı Sertifikasiyasına olan marağın artırılması məqsədilə sığorta şirkətlərinin rəhbərləri ilə işgüzar görüşlər təşkil edir, bu haqda şirkət əməkdaşlarına məlumat təqdim edirik. Qeyd etmək istərdim ki, yaxın zamanda universitetlər ilə əməkdaşlıq edərək tələbələrlə sığorta işi və Peşəkar Sığortaçı Sertifikasiyası haqqında maarifləndirici görüşlər keçirərək imtahanda iştirak etməklərinə şərait yaradacağıq. İmtahandan uğurlu nəticə əldə etmiş tələbələrin mövcüd əmək bazarının tələblərinə uyğun kadr olaraq yetişməsinə dəstək göstərəcəyik.