Amerikanın tanınmış biznes jurnalı olan "Forbes"in “Milyarderlər siyahısı”ndakıların sayı cari ildə 28 nəfər azalaraq 2640 nəfərə enib. Bununla paralel olaraq milyarderlərin ümumi sərvəti də 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.
"Siqortaci.az" xəbər verir ki, ötən il Twitter-i yüksək qiymətə satın aldıqdan sonra sahibi olduğu Tesla şirkətinin səhmləri eniş edən İlon Mask milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə düşüb. Maskın ümumi sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb.
Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollar sərvətlə milyarderlər siyahısına başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında bir Fransa vətəndaşı durur.
Milyarderlərin təxminən yarısının sərvəti ötən dövrlə müqayisədə azalıb, ümumilikdə 254 nəfər milyarder statusunu itirib.
Bu statusu itirənlər sırasında kripto pul birjası FTX-nin qurucusu və keçmiş baş icraçı direktoru Sam Bankman-Fried, FTX-nin keçmiş rəhbərlərindən Gary Wang və fırıldaqçılıqda ittiham olunan musiqiçi Kanye West kimi adlar diqqət çəkir.
Birləşmiş Ştatlar ümumi sərvəti 4,5 trilyon dollar olan 735 siyahı üzvü ilə ən çox milyarderin "vətəni" olmaqda davam edir. İkinci yerdə 562 milyarderlə (Honq Konq və Makao daxil olmaqla) 2 trilyon dollarlıq aktivlə Çin, üçüncü yerdə 675 milyard dollarlıq sərvətlə 169 milyarderlə Hindistan qərarlaşır.