Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.
AMB-dən Siqortaci.az-a bildirilib ki, yeni qaydalara əsasən sığorta müqavilələri üzrə sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır. Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq, minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə həmin borc məbləğinin 110 faizi həcmində müəyyənləşdirilməlidir. Bu, borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin bağlanmasını təmin edəcəkdir. Həmçinin yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə ki, bu yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.
Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər isə əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana çıxan maneələrin aradan qaldırılması və onların kredit müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.
Qaydalardakı yeni tələblərdən biri də sığorta şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.
Banklarda kredit risklərinin idarə edilməsinə dair mövcud qaydaya gətirilmiş yeni tələblərdən biri isə bank müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcək. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcək.
Mərkəzi Bank tərəfindən təsdiqlənmiş yeni qaydalar istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə, kreditləşmə və sığortalama sahəsində istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.