Daşqın itkiləri 26%-dən çox arta bilər - PROQNOZ

08 fevral 2022 15:33

Daşqın itkiləri 2050-ci ilə qədər 26%-dən çox artaraq 40,6 milyard dollara çata bilər.

"Siqortaci.az" xəbər verir ki, bu barədə araşdırma Bristol Universitetinin "Nature Climate Change" dərgisində dərc olunub. Araşdırmada qeyd olunur ki, daşqın itkiləri 2050-ci ilə qədər 26%-dən çox arta bilər.

Araşdırmada o da bildirilir ki, 2021-ci il ərzində daşqınlar nəticəsində evlərə və bizneslərə dəyən zərərlərlə bağlı təxminlər dollar ekvivalentində hesablandığı üçün, növbəti illərdə ehtimal edilən daşqın riskləri inflyasiyaya uyğunlaşdırıldıqda faktiki rəqəmlərin daha yüksək olacağı proqnozlaşdırılır.

Tədqiqat işində daşqınların insanların həyatına yönəlik dağıdıcı maliyyə təsirini azaltmaq üçün təsirlərin yumşaldılması işlərinin artırılması və qarşısıalınma tədbirlərinin təşkil olunması ilə bağlı çağırış edilir.

İqlim dəyişikliyi bir mövzu kimi sığortaçıların zehnində getdikcə daha çox mərkəzi yer tutur. Məhz bu səbəblə də dünya sığortaçıları müvafiq istiqamətdə xüsusilə də əmlak və bizneslərə yönəlik yeni sığorta məhsulları hazırlamağa başlayıblar.