Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində "I Regional Sığorta Forumu" keçirilib.
Siqortaci.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sığorta forumu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Forum təşkilatçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini yad edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Daha sonra Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev və Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev açılış nitqləri ilə çıxış edərək Forumun əhəmiyyətinə və regionlarda sığortanın vacibliyinə toxunublar.
Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasında nümayəndəliyi fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı panel müzakirələr baş tutub. Belə ki, "Atəşgah" Sığorta Şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin müdiri Vüqar Hüseynlinin təqdimatında "Sığortada hadisələrin tənzimlənməsi" mövzusu, "Azsığorta" şirkətinin Naxçıvan filialının direktoru Eldəniz İmanovun təqdimatında "Risklərin idarə edilməsində sığortanın rolu: Niyə sığortalanmalıyıq?" mövzusu, "Qala Sığorta" şirkətinin Nümayəndəliklərin idarəedilməsi departamentinin müdiri İlham Rzayevin təqdimatında "Regionun riskləri: Hansı sığorta növlərinə müraciət edilməlidir?" mövzusu, "PAŞA Sığorta" şirkətinin Rəqəmsal və Pərakəndə Biznes Blokunun rəhbəri Nuranə Teymurovanın təqdimatında "Sığorta xidmətlərinə əlçatanlıqda elektron vasitələrin yaratdığı üstünlüklər" mövzusu və "PAŞA Həyat Sığorta" şirkətinin Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamentinin direktoru Orxan Mehdiyevin təqdimatında "Həyat riskləri və həyat sığortaları: Necə faydalanmaq olar?" mövzusu üzrə təqdimatlar nümayiş olunub, çıxışlar edilib. Daha sonra panel iştirakçıları Naxçıvanda fəaliyyət göstərən sahibkarların suallarını cavablandırıblar.