"Sığorta şirkəti bazarda uyğun mövqe tuta bilməyib"

20 may 2020 11:33

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib.

"Siqortaci.az" "Report"a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir. 

"Fitch" bəyan edib ki, bu reytinq bir sıra iqtisadi təsirləri, o cümlədən koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini, “Azsığorta”nın "Adequate" kateqoriyasında “Prism Factor-Based Model (FBM)” balı ilə ölçülən “Fitch-in pro-forma” analizinə əsasən möhkəm kapital mövqeyini özündə əks etdirir. 

Bundan başqa, agentlik hesab edir ki, “Azsığorta” rəqiblərinin güclü təzyiqi ilə bazarda uyğun mövqe tuta bilməyib. 

"2019-cu ildə "Azsığorta"nın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından daxilolmaları 2018-ci ildə nisbətən 13% azalıb, şirkətin bazar payı 3%-dən 2%-ə düşüb. Sığortaçı sözügedən sığorta növü üzrə əsas kanallarını itirib", - deyə açıqlamada qeyd olunub.