Azərbaycanda uğurla tətbiq olunan dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır.
Siqortaci.az xəbər verir ki, noyabrın 27-də Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləği sığorta ödənişi həyata keçirilib.
Xaçmaz rayonunun Cığatay kəndində yerləşən «Trek Service Engineering» MMC şirkətinə məxsus badam bağında sel-subasma hadisəsi nəticəsində baş vermiş zərərə görə, 200 520 manat sığorta ödənişi edilib.
Badam bağında sel-subasma hadisəsi 2025-ci ilin aprel ayında baş verib. Cığatay kəndinin yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində ətrafdakı digər ərazilərlə yanaşı badam bağını da sel basıb.
Təsərrüfatda sel-subasma hadisəsi barədə müraciət daxil olduqdan sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər. Zərərin miqyasları nəzərə alınaraq, hadisənin xarakteri ilə tanışlıq üçün Aqrar Sığorta Fondunun rəhbər şəxsləri və mütəxəssisləri də təsərrüfatda olaraq sel-subasma hadisələri və onun nəticələri ilə tanış olublar.
Araşdırma göstərib ki, sığortalı bağın yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində sahəyə gəlmiş sel suyu, sığortalı bağın ön tərəfindən girərək sahənin hər yerinə təsir edib. Qeyd edək ki, sığorta hadisəsi bağda çiçəklənmənin sonu – kiçik meyvənin başlanğıcı dövründə baş verib.
Ağac gövdələri üzərində aparılan müşahidə nəticəsində suyun səviyyəsinin təxminən 40 sm ə qədər yüksəldiyi müəyyən edilib. Sel suyu bağdakı məhsulla birbaşa təmas etməsə də, onun təsirindən badam ağaclarının kök sistemi su altında qalıb, sahədə palçıq qatı yaranıb, bu da bitki ölümlərinə və ya ağaclarda stress səbəbindən meyvə tökülmələrinə səbəb olub.
Araşdırmalar nəticəsində badam bağında miqdar itkisinin baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında “Trek Service Engineering” MMC-yə isə 200 520 manat məbləğində aqrar sığorta ödənişi təyin edilib.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar.
“Trek Service Engineering” MMC-nin baş aqronomu Kazam Cəlilov sel hadisəsinin badam bağına böyük zərər vurduğunu, amma zərərin Aqrar Sığorta tərəfindən qarşılandığını bildirib: «Bağı su basması nəticəsində ağacların kökü zədələndi, məhsulda böyük itki oldu. Amma bağımız sığortalı olduğu üçün Aqrar Sığorta Fonduna məlumat verdik, ekspertlər gəlib zərəri qiymətləndirdilər, bizə ödəniş təyin etdilər və sığorta ödədilər. Aqrar sığorta olmasaydı böyük zərərdə qalardıq, batardıq». Təsərrüfat nümayəndəsi bütün həmkarlarını aqrar sığorta fürsətindəne istifadə etməyə, əkin və meyvə bağlarını sığortalamağa çağırıb.
Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib ki, aqrar sığtorta mexanizmi ilə ümumilikdə 41 növ bitkini sığortalamaq mümkündür. Buraya meyvə bağları, tarla bitkiləri, tərəvəz və bostan bitkiləri, texniki bitkilər və sair aiddir:
"Xaçmaz rayonundakı badam bağına dəymiş zərərlə bağlı müraciətdən sonra fondun mütəxəssisləri və ekspertləri təsərrüfatlara gələrək hadisəni araşdırıb və zərəri qiymətləndiriblər. Nəticə olaraq təsərrüfata 200 min manat sığorta ödənişi həyata keçirilib".
R.Səmədli bildirib ki, ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən indiyədək 20 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib və bu məbləğ daim artmaqdadır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu meyvə bağlarını fərqli risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu nəticəsində keyfiyyətin itkisi və sair hallardan sığorta edir.
Dövlətin sığorta haqqına tətbiq edilən 50%-lik dəstəyi sayəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə əkin və bağlarını sığorta edə bilirlər.
Aqrar Sığorta Fondu bir daha fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru).
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.