Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev Fins.az-a, ətrafımızda mövcud olan risklər, həmin risklərin idarə edilməsi, bu istiqamətdə sığorta mexanizminin rolu və əhəmiyyəti barədə danışıb. "Siqortaci.az" müsahibəni təqdim edir:
- Mütəmadi olaraq dəyişən zaman şərtləri fonunda yerli sığortaolunanların risk fərqindəliyini necə dəyərləndirirsiniz?
- Bu bir reallıqdır ki, zaman dəyişdikcə həm yeni, alışmadığımız risklər meydana gəlir, həm də ənənəvi risklərin baş vermə intensivliyi sürətlənməklə bərabər, eyni zamanda qaçılmaz hal alır. Reallıq ondan ibarətdir ki, zaman və məkandan asılı olmayaraq ətrafımız daim gözlənilməz risklərlə əhatələnib. Bu risklərin bədbəxt hadisəyə dönüşüb reallaşması bizlərə psixoloji sarsıntı yaşatmaqla yanaşı, həm də əlavə xərc, maliyyə itkisi gətirir. Xüsusilə müasir zaman şərtləri çərçivəsində risklərin fərqində olmaq, həmin riskləri tənzimləyib idarə edə bilmək yeni dünya düzənin əsas tələblərindəndir.
Müxtəlif dövrlər üzrə açıqlanan sığorta icmallarına nəzər salsaq görərik ki, sığorta yığımlarında artım dinamikası stabil templə davam etməkdədir. Bu da onun göstəricisidir ki, mövcud və potensial sığortaolunanlarda həm sığortaya olan konspirativ və konservativ yanaşma tədricən aradan qalxmaqda, həm də risk fərqindəliyi formalaşmaqdadır. Lakin sığorta növləri üzrə penetrasiyaya əsaslansaq deyə bilərəm ki, əhalidə hazırki risk fərqindəliyi real zaman şərtləri çərçivəsində arzuolunan səviyyədə deyil.
- Mövcud şərtlər və təklif olunan xidmətləri nəzərə alsaq, risk fərqindəliyi hansı şəkildə formalaşdırılmalıdır və bu istiqamətdə hazırda nə kimi addımlar atılır?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memorandum mövcuddur. Artıq həmin Memorandum çərçivəsində konkret işlərə başlanılıb, layihə icra edilməkdədir. Layihənin ilkin mərhələsində əhali və biznes subyektləri arasında risk fərqindəliyinin formalaşdırılması, risklərin idarəedilməsində unikal bir alət olaraq sığorta xidmətləri mexanizminin təşviqi əsas prioritet olaraq müəyyənləşdirilib. Layihə uğurla həyata keçirilir.
Hesab edirəm ki, layihə çərçivəsində görülən işlər qısa zaman zərfində öz uğurlu nəticəsini verəcək və əhalinin sığortaolunan hissəsində risk fərqindəliyi formalaşdırılmaqla risklərin idarəedilməsi mexanizmləri aşılanacaq.
- Yenilənən və daha qaçılmaz olan risk faktorlarını əsas götürsək, əslində sığorta xidmətlərində də dəyişiklik tələbolunandır. Hazırki yerli sığorta bazarının risk əhatəliliyini necə səciyyələndirirsiniz?
- Bu gün yerli sığorta bazarı istər ənənəvi, istərsə də dəyişən və inkişaf edən dünya düzənində formalaşan yeni riskləri əhatə edə biləcək potensiala sahibdir. Təbii ki, zaman dəyişdikcə tələblər, şərtlər, yanaşmalar və istehlakçı davranışları da dəyişir. Bu total dəyişikliklərə hər bir iqtisadi klassifikasiyalarda olduğu kimi sığorta sektoru da adekvat reaksiya verməlidir. Yerli sığorta bazarının, xidmət keyfiyyətini və müştəri məmnuniyyətini daim inkişaf etdirmək naminə atdığı diskursiv addımlar da bilavasitə bazarın böyüməsinə və sektorun inkişafına hesablanıb.
Bu gün yerli sığorta qanunvericiliyi və sığorta bazarı iştirakçıları tərəfindən sığorta xidmətləri mövcud riskləri təklif olunan təminatlarla tam əhatə etməkdədir. Yerli bazar yenilənən risklər fonunda yarana biləcək tələb-təklif zəncirinin formalaşdırılmasına da daim hazır vəziyyətdədir.
Mövcud ənənəvi risklər deyərkən təbii ki, burada daşınar və ya daşınmaz əmlakımıza, sağlamlığımıza, həyatımıza, əmək qabiliyyətimizə və s. istiqamətdə olan riskləri qeyd etməliyik. Məlum olduğu kimi, sığorta bazarı hazırda, yuxarıda qeyd olunan istiqamətlərə yönəlik bütün riskləri əhatə etməkdədir.
- Bu əhatəliliyi nəzərə alsaq, vətəndaş sığorta olunmaqla nə kimi üstünlüklərə sahib olmuş olur?
- Qeyd etdiyim kimi, müasir dünyada ətrafımız bu və ya digər formada gözlənilməz risklərlə əhatələnib. Bu risklər öz-özlüyündə müxtəlif bədbəxt hadisələrin carçısıdır. Hadisə baş verdikdə ilk növbədə o hadisənin yaratdığı psixoloji sarsıntı ilə qarşılaşırıq. Bu sarsıntı ilə yanaşı yaranmış zərər bizə əlavə xərc, maliyyə itkisi yaşadır. Maddi zərər də borclanmalara gətirib çıxarır. Nəticədə vətəndaşın həyat rahatlığı pozulmuş olur.
Sığortalı vətəndaşın üstünlüyü isə birmənalıdır. Belə ki, riskin hansı istiqamətə aid olmasından asılı olmayaraq baş vermiş hadisənin yaratdığı zərər nəticəsində meydana gələn əlavə xərc sığortalı vətəndaş üçün məhz elə sığorta mexanizmi vasitəsilə təmin edilmiş olur. Çünki sığortalı vətəndaşın riski daim təminat altındadır. Əminliklə deyə bilərəm ki, sığorta hadisələri ilə heç olmasa bir dəfə üzləşmiş sığortalı vətəndaşlar da birmənalı şəkildə bilirlər ki, həyat, sığorta ilə rahatdır.