“Atəşgah” Sığorta Şirkətinin əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil edib

30 sentyabr 2022 16:29

“Atəşgah” Sığorta Şirkəti “4 ayaqlı dostlarımıza dəstək” sosial layihəsi çərçivəsində növbəti aksiyasını uğurla yekunlaşdırıb. Belə ki, IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edilib. Mərkəzdə mühafizə olunan heyvanlar ziyarət edilib və yemlə təmin olunub.

"Siqortaci.az" xəbər verir ki, ekskursiya zamanı şirkət nümayəndələrinə, Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulan və 2017-ci ildən rəsmi fəaliyyətə başlamış IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib.

Daha sonra Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu barədə ətraflı danışlıb.

Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkətinin “4 ayaqlı dostlarımıza dəstək” layihəsi 2022-ci ilin əvvəlindən start götürən korporativ sosial məsuliyyət layihəsi idi və silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilmişdi. Layihənin ilk mərhələsi çərçivəsində sahibsiz küçə heyvanları üçün evciklər hazırlanmış və bu evciklər yemlik qabları və yemlə təmin olunmuşdu. Evciklərin biri  “Atəşgah” Sığorta Qrupunun Baş ofisinin qarşısında, digər evciklər isə şəhərin müxtəlif məkanlarında yerləşdirilmişdi.

Daim cəmiyyətə, ətraf-mühitə bu kimi faydalı addımlar atan “Atəşgah” Sığorta Şirkəti  bu günədək sosial məsuliyyətə diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu başlıca prioritet olaraq müəyyənləşdirmişdir.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.