ASA sığorta dələduzluğu ilə mübarizədə dünya təcrübəsini öyrənir

08 iyun 2021 14:25

Azərbaycan Sığortaçılar Assosiasiyası nümayəndələri sığorta dələduzluğu ilə mübarizədə dünya təcrübəsini öyrənmək məqsədilə Türkiyənin bu istiqamətdə fəaliyyət göstərən “Sığorta Dələduzluğu ilə Mübarizə Bürosu”nun rəhbəri Salih Taşyon ilə zoom-görüş keçirib.

"Siqortaci.az" xəbər verir ki, görüşdə S.Taşyon ASA nümayəndələrinə Büronun iş mexanizmi haqqında geniş məlumat verərək Türkiyədə bu sistemin 2006-cı ildən etibarən elektronlaşmış şəkildə fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, Türkiyədə 15 ildir aktiv işlək olan bu sistem sırf informasiya inteqrasiyası və data-baza əsasında təşkil olunub. Salih Taşyonun sözlərinə görə, sistemin qazandırdığı üstünlüklər nəticəsində Türkiyədə sığorta dələduzluğu ilə əlaqəli halların hər il əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunur. Lakin buna baxmayaraq qardaş ölkənin mütəxəssisləri sığorta dələduzluğu ilə mübarizədə yeni metodların müəyyən olunması üçün hər ay mütəmadi olaraq geniş tərkibdə müzakirə platformaları təşkil edirlər.