ASA ilə AzFina arasında əməkdaşlıq gücləndirilir

15 iyul 2026 16:42

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) rəhbərlikləri arasında görüş keçirilib.

Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli toplantını giriş sözü ilə açaraq yerli sığorta sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib. İcraçı direktor çıxışında yerli bazarda xüsusilə son illərdə qeydə alınan böyümə tendensiyası, bazarın müasir trendlərə və yeni texnologiyalara aktiv münasibəti, habelə, Mərkəzi Bankın ölkəmizdə maliyyə sisteminin inkişafına dair strategiyasından irəli gələn zəruri islahat tədbirlərindən də danışıb.

Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Edqar Abdullayev də öz növbəsində yerli fintex ekosistemində son illərdə müşahidə olunan aktivlik, ölkəmizdə tətbiq olunan müasir maliyyə texnologiyalarının tələb-təklif faktoruna əsaslanan səmərəli nəticələri, o cümlədən, nəzarətedici orqan tərəfindən müvafiq sahədə aparılan davamlı və səmərəli islahat tədbirləri barədə məlumat verib. İdarə Heyətinin sədri həmçinin yeni Insurtech həllərinin təklif oluna biləcəyini də qeyd edərək vurğulayıb ki, bu yeniliklər rəqəmsal ekosistemin inkişafına təkan verə bilər.

Görüşdə həmçinin tərəflər arasında assosiasiyaların fəaliyyət istiqamətlərinə dair qarşılıqlı təcrübə mübadiləsi də aparılıb.

Daha sonra tərəflər növbəti dövrdə assosiasiyalararası əməkdaşlığın daha sistemli və səmərəli əsaslarla təşkil olunması məqsədilə qarşılıqlı əməkdaşlığa dair Memorandum sənədi imzalayıblar.