"A-Qroup Sığorta Şirkəti" Quba şəhərində yeni nümayəndəlik açıb

12 yanvar 2022 12:08

"A-Qroup Sığorta Şirkəti" regional inkişaf strategiyası çərçivəsində, eləcə də müştərilərinə yüksək səviyyədə xidmət və rahatlığı təmin etmək məqsədi ilə Quba şəhərində yeni nümayəndəliyini istifadəyə verib.

Siqortaci.az xəbər verir ki, şəbəkənin genişləndirilməsi şirkətin inkişafının prioritet istiqamətlərindən biridir. Qubadakı nümayəndəlik həm fiziki şəxslər, həm də korporativ müştərilər üçün "A-Qroup Sığorta Şirkəti" tərəfindən hazırlanmış tam çeşidli xidmətlər və sığorta məhsullarını təqdim edəcək. Sığortalılar müqavilələrin bağlanması/yenilənməsi, eləcə də sığorta ödənişləri zamanı ixtisaslı və operativ yardım alacaqlar.

"A-Qroup Sığorta Şirkəti"nin İdarə Heyətinin sədri Abas Miskərlinin rəhbərliyi ilə baş tutan açılış mərasimində baş və regional idarələrin departamentlərinin və şöbələrinin müdirləri iştirak ediblər.

"A-Qroup Sığorta Şirkəti"nin Quba şəhərində yerləşən komandası təcrübəli sığortaçılar və məsul mütəxəssislərdən ibarətdir.

Agent şəbəkəsinin inkişafı və pərakəndə satışın artması şirkətin strateji hədəfləridir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün "A-Qroup Sığorta Şirkəti" regionlarda ofislərinin sayını artırmaqda davam edir. Bu gün şirkət artıq Bakı, Gəncə, Quba və s. şəhərlərində təmsil olunur.

"A-Qroup Sığorta Şirkəti"nin yeni nümayəndəliyi Quba şəhəri, H. Əliyev 76 pr. ünvanında yerləşir.

Xatırlatmaq istərdik ki, "A-Qroup Sığorta Şirkəti" dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının qısaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. "A-Qroup Sığorta Şirkəti" fiziki və korporativ müştərilərə geniş çeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.